Caspian Agro – Beynəlxalq Təcrübə Mübadiləsinin Təsiri
16 may 2025
0000
Mayın 16-da Bakı Ekspo Mərkəzində Xəzər regionunun kənd təsərrüfatı və qida sənayesi sahəsində ən böyük sərgisi – 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro başa çatdı.
Eyni zamanda sərgi mərkəzində 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi InterFood Azerbaijan da təşkil olundu. Milli brendə çevrilmiş bu iki sərgi Caspian Event Organisers şirkəti, onun tərəfdaşları Caspian Event Management və ICA Events tərəfindən təşkil olunmuşdu.
Tədbirlərin aktuallığını göstərən ən mühüm göstəricilərdən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Caspian Agro və InterFood Azerbaijan sərgilərini ziyarət etməsi oldu. Dövlət başçısı Bakı Ekspo Mərkəzində təqdim olunan çoxsaylı ekspozisiyalarla tanış oldu.
Caspian Agro sərgisi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirildi. Sərgi kənd təsərrüfatı sektorunun aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, kənd təsərrüfatı məhsullarının idxalçılarını və ixracatçılarını, distribyutorları, topdansatış və pərakəndə satış nümayəndələrini, eləcə də fermerləri bir araya gətirərək təcrübə, bilik və innovasiyaların mübadiləsi üçün bir platforma yaratdı.
İştirakçıların və ziyarətçilərin istəkləri nəzərə alınaraq, bu il sərgilər dörd gün ərzində keçirildi. Təşkilatçıların fikrincə, bu yeni format iştirakçılar və ziyarətçilər arasında daha geniş qarşılıqlı əlaqələrin qurulmasına şərait yaratdı.
Sərgilərdə otuzdan çox ölkəni təmsil edən təxminən 450 şirkət iştirak etdi və Bakı Ekspo Mərkəzinin bütün pavilyonları və açıq sahələri bu məqsədlə istifadə olundu. Əsas iştirakçılar arasında “Azersun”, “Beta”, “Futura”, Gəncə Avtomobil Zavodu, “John Deere”, “Kronen”, “Landini”, “Lindsay”, “Lovol”, “Metak”, “Miratorq”, “New Holland”, “Solis”, “Valley” və digər tanınmış şirkətlər yer aldı. Sərgilərin daimi iştirakçısı olan “Prior Leasing” şirkəti Caspian Agro sərgisində qeydiyyat sponsorluğunu həyata keçirdi.
Regional səviyyədə Caspian Agro sərgisi kənd təsərrüfatı texnikası, suvarma sistemləri, kənd təsərrüfatında innovativ texnologiyalar, heyvandarlıq və quşçuluq, bitkiçilik, elektron kənd təsərrüfatı kimi sektorlara əhatə etdi. “Smart Agro” bölməsi ziyarətçilərə süni intellekt, ağıllı kəndlər, startaplar, İT xidmətləri, robot texnologiyaları, pilotsuz uçuş aparatları və “yaşıl aqrar” həllərlə tanış olmaq imkanı verdi.
Qeyd etmək lazımdır ki, sərgilər “Made in Azerbaijan” brendinin tanıdılmasında mühüm rol oynadı və bu, çoxsaylı yerli və xarici ziyarətçilərin diqqətini cəlb etdi.
Hər iki sərgi çərçivəsində zəngin işgüzar proqram təşkil olunmuşdu. Təqdimat zonasında bir sıra ölkələrin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə 2-ci Beynəlxalq Aqrar İnnovasiyalar Forumu keçirildi. Forum çərçivəsində müasir aqrar yanaşmalarda aqropark modelləri, kənd təsərrüfatında süni intellektin tətbiqi, aqrar sığorta sistemlərinin inkişafı, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi və digər mühüm mövzular müzakirə olundu.
Ənənəvi fermer turları bu il də davam etdirildi və Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin Naxçıvan Muxtar Respublikasından olan fermerlər sərgiyə qatıldılar. Fermerlər bu sərgidə maraqla iştirak edərək, sahə üzrə ən son nailiyyətlər və beynəlxalq təcrübə ilə yaxından tanış oldular. Tura qatılan fermerlərin ümumi rəyinə görə, bu cür tədbirlər təcrübə mübadiləsinə imkan yaratmaqla yanaşı, kənd təsərrüfatı istehsalının keyfiyyətinin artırılmasına və kənd yerlərində həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verir.
Caspian Agro və InterFood Azerbaijan sərgilərinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayesi İstehsalçıları Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) fəal dəstək göstərir.