Azərbaycan bazarının uğurlu öyrənilməsi
16 may 2025
0000
Vadim Şevçuk, “Kerland” şirkətinin sahibi və direktoru
Rəhbərlik etdiyim şirkət kənd təsərrüfatı və kommunal texnikanın istehsalı üzrə ixtisaslaşıb. Biz Bakıda keçirilən sərgidə ilk dəfə iştirak edirik. Məqsədimiz tərəfdaşlıq əlaqələrinin qurulması və Azərbaycanda iştirak imkanlarının araşdırılmasıdır. Biz sərgidən əvvəl artıq bir azərbaycanlı şirkətlə ilk müqaviləmizi imzalamışıq. Hazırda sifarişin icrası mərhələsindəyik.
“Caspian Agro” sərgisi mənə ölkə, bazar, insanlar və kənd təsərrüfatı texnikası sahəsində biznesin təşkili barədə tam təsəvvür verdi. Bir çox potensial tərəfdaşlarla tanış olduq və onların qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqlarını gördük. Sərgidə kənd təsərrüfatı texnikası təchiz edən şirkətlər geniş şəkildə təmsil olunub. Onlar bizim otbiçənlərə, torpaq bəcərmə qurğularına, qoşqulara, kartof texnikasına, kotanlara və digər avadanlıqlara maraq göstərdilər. Sərgidə Türkiyə, Rusiya və digər ölkələrdən olan bir çox texnika istehsalçıları iştirak edir. Onlar artıq burada uzun müddətdir fəaliyyət göstərirlər, lakin biz dost Belarusdan rəqabətədavamlı və keyfiyyətli məhsullar təklif etməyə tam hazırıq.
Hesab edirəm ki, “Caspian Agro” sərgisi özünü nüfuzlu beynəlxalq tədbir statusunda tam şəkildə təsdiqlədi. Bu çərçivədə çox sayda mühüm biznes görüşləri keçirmək mümkündür. Axı insanlar arasında canlı ünsiyyətdən daha yaxşı heç nə yoxdur. Daha əvvəl də qeyd etdiyim kimi, biz hazırda Azərbaycan bazarına yeni daxil oluruq. Ola bilər ki, artıq gələn il biz də “Caspian Agro” sərgisində məhsullarımızı təqdim edəcəyik.