Vitali Klimenko, "AGROİNKİŞAF-2017" şirkətinin Mühəndis Sistemləri Şöbəsinin müdiri
Biz 5 ildir ki, "Caspian Agro" Beynəlxalq Sərgisində iştirak edirik. Bizi aqrar sektorda yeni məhsullar - suvarma, qablaşdırma, eləcə də suvarma sistemləri və məhsul emalı üzrə müasir texnologiyalar cəlb edir. Məsələn, indi bizi çoxillik partnyorumuz olan “AzTexnoLine” şirkətinin təqdim etdiyi yanğından mühafizə sistemləri maraqlandırır. Artıq şirkət nümayəndələri ilə danışıqlar aparılıb.
Bu il sərgi ilk dəfə olaraq eyni vaxtda 4 pavilyonu əhatə edib. Burada geniş çeşiddə müasir məhsullar, məsələn, elektron sistemlər, robot texnologiyaları təqdim olunur. Robot-qablaşdırıcı marağımıza səbəb oldu.
Şirkətimiz meydana gələn bütün problemləri operativ həll edən yerli şirkətlərlə işləməyə çalışır. Amma biz xarici istehsalçılarla da əməkdaşlığa hazırıq. Xüsusilə suvarma avadanlıqları istehsal edən İsrailin "Netafim" şirkətini qeyd etmək istərdim. Podratçılarımız arasında sərgi iştirakçıları da var. Bunlar "AzTexnoLine" və "Metak" şirkətləridir. Onlar hər il bazara yeni məhsul xətləri təqdim edir. Biz isə ixtisaslaşdırılmış sərgilərdə yeniliklər haqqında öyrənirik.
Təbii ki, bu cür miqyaslı hadisələr önəmlidir. Bir tərəfdən, aqrar komplekslərin struktur bölmələrinin rəhbərləri görüşüb onları maraqlandıran məsələləri müzakirə edə bilərlər. Bundan əlavə, sərginin ziyarətçiləri və qonaqları bu və ya digər istehsalçının məhsullarını öz gözləri ilə görür, onları müqayisə edir, yeni texnologiyalarla tanış olur və bu barədə lazımi məlumatlar alırlar. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, "Caspian Agro" bütün tələblərə cavab verir və gözləntilərimizi tam doğruldur.