Medinex 2025: tibb və səhiyyənin əsas istiqamətləri və beynəlxalq əməkdaşlığın gücləndirilməsi

Medinex 2025: tibb və səhiyyənin əsas istiqamətləri və beynəlxalq əməkdaşlığın gücləndirilməsi

1 noyabr 2025 0000

1 noyabr tarixində Bakı Ekspo Mərkəzində 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – Medinex 2025 öz işini başa vurdu. Azərbaycanın tibb sektorunun əsas tədbirlərindən biri olan sərgi tibb mütəxəssislərini, tibb müəssisələrinin rəhbərlərini, sahibkarları, distribyutorları və investorləri bir araya gətirdi.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov sərginin açılış mərasimində çıxışı zamanı tədbirin ölkənin səhiyyə sisteminin innovativ inkişafı üçün əhəmiyyətini vurğuladı. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Ahliman Əmirəsənov sərgidə müxtəlif tibbi sahələrin geniş təmsil olunmasının onun yüksək statusundan xəbər verdiyini qeyd etdi.

TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun sözlərinə görə, cari ilin sonunadək Azərbaycanın əksər tibb müəssisələrində elektron növbə sistemləri tətbiq olunacaq.

Ukraynanın səhiyyə naziri Viktor Lyaşko Medinex sərgisini ziyarət edərək ekspozisiya ilə tanış oldu və “Dialoqdan əməkdaşlığa: Ukrayna və Azərbaycanın farmasevtika imkanları” adlı ikitərəfli müzakirədə iştirak etdi.

Sərgidə Azərbaycan, Belarus, Misir, İtaliya, Qazaxıstan, Çin, Oman, Polşa, Koreya Respublikası, Rusiya Federasiyası, Türkiyə, Özbəkistan və Ukraynanı təmsil edən şirkətlər iştirak etdi. Medinex sərgisi tibb və səhiyyənin əsas istiqamətlərini əhatə etdi. Buraya tibbi avadanlıq və cihazlar, tibbi xidmətlərdə informasiya texnologiyaları, farmasevtika, vitaminlər və bioloji aktiv əlavələr, ortopedik məmulatlar, protez texnologiyaları, stomatoloji avadanlıq və xidmətlər, oftalmoloji və optik cihazlar, innovativ laboratoriya texnologiyaları və digər sahələr daxil idi.

Sərgi çərçivəsində xarici şirkətlərin nümayəndələri Azərbaycan mütəxəssisləri ilə ikitərəfli əməkdaşlıq perspektivlərini, birgə investisiyaların inkişafını, texnologiya mübadiləsini və biznes əlaqələrinin genişləndirilməsini müzakirə etdilər.

Medinex sərgisi çərçivəsində B2B və B2G görüşlər keçirildi ki, bu da həm beynəlxalq, həm də yerli əməkdaşlığın inkişafı üçün real imkanlar yaratdı.

Sərginin geniş biznes proqramı tibb mütəxəssislərinin, eləcə də beynəlxalq səhiyyə nümayəndələrinin böyük marağına səbəb oldu. Təqdimat zonasında panel müzakirələri, təqdimatlar və müxtəlif mövzular üzrə seminarlar keçirildi. Qonaqlar ən son tibbi texnologiyalarla tanış olmaqla yanaşı, tibbi biliklərin artırılmasına yönəlmiş praktiki təlimlərdə də iştirak etdilər.

Sərginin əsas biznes gündəliyini tibb və səhiyyə sahəsində yeniliklər və mövcud inkişaf tendensiyaları təşkil etdi. Buraya süni intellektin tibbi proseslərə tətbiqi və müasir informasiya texnologiyalarının tibbi praktika sahəsində rolu kimi mövzular daxil idi.

Üç gün ərzində təqdimat zonasında “Hüceyrə və gen terapiyası”, “Beyin şişlərinin müalicəsində yeni üfüqlər”, “Endokrinologiya: şəkərli və şəkərsiz diabet” mövzularında ekspert sessiyaları, həmçinin “Hemofiliyanın multidisiplinar müalicəsi” mövzusunda seminar keçirildi. Müasir tibb sahəsinin əsas mövzularına həsr edilmiş təqdimatlar və təlimlər, o cümlədən “Kalqari–Kembric modeli: ilk konsultasiyanın beynəlxalq standartları” və “Pasiyent yolu: müasir özəl klinikanın effektiv idarəetməsinin əsası” mövzulu seminarlar təşkil olundu.

BLS (Əsas Həyat Dəstəyi) təlimi zamanı iştirakçılar praktik və maarifləndirici materiallar əldə etdilər, təcili vəziyyətlərdə düzgün müdaxilə prinsipləri ilə tanış oldular və ilkin yardım üzrə vacib bacarıqlarını inkişaf etdirdilər. Təlimin məqsədi tibbi savadlılığın artırılması və səhiyyə sahəsində ictimai təhlükəsizliyin gücləndirilməsi idi.

Dövlət qurumlarının nümayəndələri və sərginin VİP qonaqları Medinex sərgisinin tibbi mütəxəssisləri yeni texnologiyalarla tanış etmək, mövcud əməkdaşlıqları inkişaf etdirmək və yeni tərəfdaşlıqlar qurmaq üçün mühüm platforma olduğunu qeyd etdilər.

Sərgi Caspian Event Organisers şirkəti tərəfindən, beynəlxalq tərəfdaşları Caspian Event Management və ICA Events ilə birlikdə təşkil olundu.


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN