Xəbərlər

Caspian Agro - “Caspian Agro 2021” sərgisi: yüksək fəallıq göstərən iştirakçılar...genişlənən sərgi sahələri...

“Caspian Agro 2021” sərgisi: yüksək fəallıq göstərən iştirakçılar...genişlənən sərgi sahələri...

12.06.2021

Xəbərlər

12 iyun tarixində Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2021”) sərgisi öz işinə yekun vurur. Forumun əhəmiyyətli bir əlaməti isə koronavirus pandemiyasının səbəb olduğu fasilədən sonra işini bərpa etməsi oldu. “Caspian Agro” sərgisi ilə paralel olaraq, Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (“Interfood Azerbaijan 2021”) sərgisi keçirilirdi. Sərgilərin təşkilatçıları qismində “Caspian Event Organisers” (CEO) şirkəti və onun bir sıra xarici tərəfdaşları çıxış edib.

Canlı (offlayn) formatda keçirilən tədbirlərin təhlükəsiz təşkili qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFİ) tövsiyələrinə əsaslanır – bura sosial məsafə, maska ​​rejimi, antiseptik və təmizləyicilərdən istifadə, hərarətin ölçülməsi və məkanların müntəzəm dezinfeksiya edilməsi daxildir.

Sərgi kənd təsərrüfatı sənayesinin əsas iştiraklarını, eləcə də aralarında idxalçı, ixracatçı distribyutorlar, topdan və pərakəndə satış mütəxəssisləri və fermerlərin yer aldığı peşəkar ziyarətçiləri bir araya gətirdi. Ekspozisiya Bakı Ekspo Mərkəzinin iki zalında, eləcə də açıq platformasında yerləşmişdi. Açıq hava altındakı ekspozisiyanın miqyasının 2019-cu illə müqayisədə artması diqqət çəkir. Müasir texnika, güclü traktor və kombaynlar, eləcə də avtomobillər ziyarətçilərin və hər iki layihə iştirakçılarının böyük marağına səbəb odu.

İştirakçıların qida və kənd təsərrüfatı sahələrində xüsusi diqqət yetirilən, aktual ideyalar, innovasiyalar verilən, xüsusi olaraq Qarabağ bölgəsinin inkişafı üçün xüsusi təkliflər, layihələr, xidmətlər nümayiş etdirmələri xüsusi əhəmiyyət kəsb edir. İşğaldan azad olunaraq geri qaytarılmış Qarabağ torpaqları gələcəkdə aqrar-sənaye kompleksinin səmərəli inkişafına və “Made in Azerbaijan” brendi altında qida məhsullarının ixracına öz töhfələrini verəcək.

Sərgi iştirakçıları hər sektorda aparıcı qüvvə olan innovasiyalara xüsusi diqqət yetiriblər. Bu amil mütərəqqi fikirlərin əsil beynəlxalq rəqabət təsirini təmin edib. Müxtəlif ölkələri təmsil edən sərgi iştirakçıları öz həmkarları ilə həvəslə tanış olur, sərgidə fikir mübadiləsi aparır və bütün sərgi pavilyonlarında yenilikləri səriştəli şəkildə müzakirə edirdilər.

Sərgilərdə Əfqanıstan və Belarusun milli qrupları, Rusiya Federasiyasının Kirov və Adıgey bölgələrinin regional qrupları, eləcə də builki debütant - Moskva regional qrupu iştirak edib.

“Caspian Agro 2021” sərgisinin əsas ekspozisiyalarına bir sıra yeni məhsullar daxil olub: “ağıllı ferma”, heyvandarlıq sektoru üçün avadanlıqlar, kənd təsərrüfatı texnikası, laboratoriya avadanlıqları, yeni toxum sortları və bir sıra digər məhsullar. Ümumiyyətlə, “Caspian Agro 2021” sərgisi on bir tematik bölməni, o cümlədən aqrar sənaye kompleksinin müxtəlif sahələrini əhatə edib: Kənd təsərrüfatı texnikası, Heyvandarlıq və quşçuluq, Yem, Baytarlıq, Bitkiçilik, Gübrələr, Meyvə və tərəvəzlərin becərilməsi, İstixanalar, Elektron kənd təsərrüfatı, Kənd təsərrüfatında innovativ texnologiyalar, və Laboratoriya avadanlıqları.

Burada regionları təmsil edən fermerlər üçün ənənəvi tur keçirilib, təcrübə mübadiləsi, habelə təmayüllər, yeni məhsullar və kiçik fermer təsərrüfatlarının beynəlxalq inkişaf modellərinin  monitorinqi  aparılıb. Sərgidə təşkilatçılar tərəfindən kontakt və məlumat mübadiləsini sürətləndirmək üçün yeni bir xidmətə start verilib. Stenddə yerləşən QR kod ilə eksponent-şirkətin təşviqat materiallarına keçid edilir.

11 iyun tarixində “Apatit” Səhmdar Cəmiyyətinin “Fosaqro” şirkətlər qrupunun ““FosAqro” şirkətinin innovativ məhsulları: Kənd təsərrüfatı bitkilərindən təminatlı məhsuldarlıq əldə etmək üçün bir dənəcikdə kompleks gübrələr” mövzusunda seminarı keçirilib.

“Caspian Agro 2021” və “InterFood Azerbaijan 20212 sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəal dəstəyi və iştirakı ilə keçirilib. Sərgilər həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Qida və İçki Sənayesi Assosiasiyası və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir.